ŞABRAN REGİONU

Şabran rayonunun mərkəzindən qərb istiqamətdə yerləşən ərazilər tarixi-mədəni və təbiət resursları ilə fərqlənir. Xüsusilə Böyük Qafqaz dağlarının yamaclarında yerləşən kəndlər özlərinin təbiət imkanlarının zənginliyi ilə seçilir. Zeyvə-Zağlı turizm zonasının da əhatə etdiyi Pirəbədil və Zeyvə kəndləri bu istiqamətdə resurslarının zənginliyi ilə seçilən turizm yerləridir. 

ŞABRANIN TƏBİƏTİ

Bu istiqamətdə yerləşən dağ kəndləri Böyük Qafqaz dağları silsilələri ilə əhatə olunduğundan ərazinin havası rayon mərkəzi ilə müqayisədə quru və mülayimdir. Pirəbədil və Zeyvə kəndləri Baş Qafqaz silsiləsinin yamaclarında yerləşib, Zeyvə-Zağlı dağlıq zonasının, başqa sözlə desək, turizm zonasın dağlıq və meşə hissəsini əhatə etməkdədir.

Kəndlər Böyük Qafqaz dağlarının ətəklərində Zağlı-Zeyvə turizm zonasında yerləşdiyindən burada meşəlik və dağlıq zonalara çox rast gəlinir. Həmin dağlıq zonada göllər, çaylar, müalicəvi-kükürdlü bulaqlar, şirin su bulaqları kimi təbii resurslar mövcuddur.
ŞABRANIN TARİXİ
Şabran rayonunun bu istiqamətində yerləşən kəndlərinin tarixi qədim keçmişə dayanır. Pirəbədil kəndinin yaranma tarixi VII-VIII əsrlərə gedib çıxır və əhalisinin etnik mənsubiyyəti azərbaycanlılardır. Rəvayətlərə görə kəndin əsası həmin əsrlərdə Ərəbistandan gəlmiş şeyxlər tərəfindən qoyulmuşdur və XX əsrin əvvəllərinə qədər kənddə şeyxlərin yaşadığı iddia olunur. Zeyvə kəndinin tarixi isə az qala VI-VII əsrlərə gedib çıxır və adının mənası "künc, bucaq, guşə" (cəmiyyətdən uzaq) kimi yozulur. 
ŞABRANIN ADƏT ƏNƏNƏLƏRİ
Pirəbədil xalçaçılıq sənəti. Pirəbədil xalçaları Quba-Şirvan xalça məktəbinə aid olub Azərbaycan xalçaçılığında mühüm rol oynamaqdadır. “Pirəbədil Çeşnisi” adlandırılan bu xalçaları tarix muzeyində görmək mümkündür. Kənd əhalisi arasında bu tarixi peşə ilə çox az adam məşğul olur. Kənd ərazisində bu peşə ilə məşğul olanlara 2 və ya 3 evdə rast gəlmək mümkündür. Xalça toxuma masterklaslarını muzeyin özündə təcrübə etmək mümkündür. Qeyri rəsmi məlumata görə Pirəbədil xalçalarının bir nümunəsi İngiltərədə Viktoriya muzeyində qorunur.